Gənclərlə tarixi Azərbaycan torpaqlarının taleyi barədə müzakirələr aparılıb

Gənclər və İdman Nazirliyi tarixi Azərbaycan torpaqlarının tədqiqi və qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətlərində görülən işlərdən gəncləri xəbərdar etmək, bu müstəvidəki həqiqətlərin təbliğində onların roluna zəmin yaratmaq məqsədilə gənclər üçün növbəti seminar təşkil edib. Tədbirə əsasən, muxtar respublikanın ali təhsil müəssisələrində tarix sahəsi üzrə təhsil alan tələbələr qoşulub.

Giriş sözü ilə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva tədbirin mahiyyəti haqqında danışıb və mövzu ilə bağlı əlavə edib ki, ölkəmizin regionda yaratdığı yeni reallıqlar əsasında Qərbi Azərbaycanla bağlı atılan addımlar oradan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpa edilməsinə hesablanıb. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində ciddi işlər gedir və bu prosesdə gənclərin informasiya bazasının genişləndirilməsi önəmli məsələdir.

Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçılara bu sahədə aparılan tədqiqatlar, görülən işlər və gələcək perspektivlər haqqında məlumat verib. Qeyd olunub ki, əsrlər boyu soyqrım qurbanı olan xalqımızın hüquqlarının qorunması üçün Azərbaycan dinc şəkildə, sülhlə soydaşlarımızın qayıdış məsələsini gündəmə gətirib. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu istiqamətdə hərtərəfli işlər həyata keçirilir və məsələ ilə bağlı BMT-yə müraciət də ünvanlanıb.

Tədbir diskussiya formatında davam edib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti